Keçən həftə ABŞ-yə 3 həftəlik səfərimi yekunlaşdırdım. Müstəqillik bəyannaməsinə əsasən dövlət vətəndaşlarının 3 təməl haqqını təmin edir: Yaşamaq, azadlıq və xoşbəxtliyi təqib etmək imkanını (pursuit of happiness).
ABŞ-yə sevgim daim cavabsız qalmışdır. Məktəb vaxtlarından ora getməyə dənəmişəm (FLEX), və son məqamlarda alınmayıb. Ondan sonra bakalavr, magistr, səyahət, müsabiqə və s. olubdur. Sonucu dəfə 2019-cu ildə Arizona Dövlət Universitetinə ikinci magistr pilləsinə yiyələnmək üçün daxil oldum, lakin COVİD-19 gəldi və təhsil distant oldu. 2021-ci ildə diplomu almaq üçün ora getmək istədim, səfirlik viza üçün müsahibə imkanını yalnız 2023-cü ilin aprelinə qeydiyyata aldı. Heyfsiləndin, əsəbiləşdim, lakin səbirli olub iki il gözlədim. Nəhayət keçən ilin aprelində vizamı aldım. Və düşünürsünüz ki, dərhal ABŞ-yə getdim? Xeyr, vizanın bitməsinə 4 həftə qalmış getdim. Keçən ili tamlıqla şəxsi problemləri həll etməklə keçirtdim və ümumiyyətlə ABŞ-e barədə düşünmürdüm. Martın əvvəlində amerikalı dostum Elşad mənə məcburən bilet aldırır və gəl deyir. Yaxşı ki, qulaq asdım. Dostlar var olsun!
Ömrümdə heç vaxt səyahətimi solo etməmişdim (biznes səyahətləri xaric). Yeni bir təcrübə oldu və əvvəlindən bir xeyli stressli idi. Hara gedim, nə ilə məşğul olum, nə yeyim və s. Evlilik dönəmində bu məsuliyyəti effektiv paylaşmaq olurdusa, indi subaylıq zamanı gərək hər şeyi özüm edəydim. Kim deyir ki, subaylıq-sultanlıqdır, inanmayın, həyat paylaşdıqca gözəldir, xüsusən öhdəlik paylaşdıqca.
Koroçe, bir gecə stress yaşayandan sonra, öz yadıma saldım ki, mənim 40+ yaşım var, iri istehsalat zavodunu idarə edirəm, 3 uşağım var, ən azından, 25 yaşımdan müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Bu səyahəti də idarə edə bilərəm.
Məqsədlərimi bəlirlədim. Nədir? Ölkəni anlamaq və mənim ruhuma uyğunluğunu test etmək istəyirəm. 2006-cı ildən ABŞ iqtisadiyyatının araşdırıram və həmin ölkə barədə bəlkə Azərbaycandan daha çox bilirəm. Bu biliklər mənə bir şeyi aydın edibsə, o da ABŞ-nin çox müxtəlif olmasıdır. Ştatdan-ştata böyük fəlsəfi, iqtisadi və sosial fərqlərin mövcudluğudur. Bunu nəzərə alaraq əsas istiqamətlərimi bəlirlədim – cənub respublikaçı ştatlar və şimal demokrat ştatları.
Atlanta – Ostin – San-Fransisko – Siatl – Belvyu – Vaşınqton DC – Nyu-York – Orlando – Mayami
Bəli, 3 həftəyə. Bəlkə də bir çox Amerikalıların çıxmadıqları bir səyahətə çıxdım.
Ostin
Texas Ştatının paytaxt şəhəri. Ştat olaraq, Texas sıfır faiz gəlir vergisi tətbiq edərək bir çox istehsalat sahələrini özünə çəkə bilmişdir. Böyük uğurlardan biri Teslanın Texasa və xüsusən də Ostinə köçməsi oldu. Bu nəhəng “tech” şirkətlərin şəhərə gəlməsi şəhərin ruhunu, dinamikasını və mədəniyyətini dəyişdirdiyini müşahidə etdim. Bəlkə buna görə Ostin çox da xoşuma gəlmədi – özünü tapmamış şəhər kimi yadımda qaldı. Niyə? Bunu indi izah etməyə çalışacağam.
ABŞ-də adətən cənub ştatlar bir xeyli mühafizəkar olur, həm iqtisadi perspektivdən (daha azad bazar, daha aşağı vergilər və daha az sosial təminat) həm də sosial quruluş baxımından daha dinə, mühafizəkar ailə dəyərlərə yönlüdür. Klassik Azərbaycanlı olaraq Amerikalı arvad almaq istəsəniz, mütləq gərək Texasdan olsun ki, onunla (nisbətən) rahat dil tapa biləsiniz. Amma bu da asan olmaya bilər, digər bir dostum tənhalıqdan öz keçmiş arvadını Bakıdan yanına köçürmüşdür, misal üçün.
Lakin “Tech” sənayəsinin Ostinə gəlməsi bu dinamikanı dəyişir, daha çox LGBT, yaxşı (kim üçünsə pis) mənada inklyuzivlik, çoxlu evsizlər, küçədə aqressiv dilənçilər və s. var. Ostin nə Kaliforniya ruhunu vermədi, nə də Texas. Onların arasında qalıbdır, elə bil.
Yaşayış perspektivindən urbanizmi sevən varsa, Ostin Manhattat ruhunu da vermir. Nə özünü əməlli şəhərdə hiss edirsən, nədə ki, şəhər kənarı klassik ABŞ kəndlərindəki kimi (Corciada Alfaretta, Kaminq kimi, misal üçün).
COVİD-19 zamanı cənub ştatları panikaya düşməyərək axmaq-axmaq karantin qaydalarını salmadıqlarına görə, demokrat ştatlar əhalisi burdakı əmlakların qiymətini 4 ildə 2 dəfə qaldırdı. Ostində bu daha çox oldu, çünki Tesla da gəldi və yüksək maaşlı mühəndislər orada məskunlaşmağa başladılar. Bu səbəbdən flippinq (ev alıb, təmir edib satmaq) biznesi çox yaxşı gəlirlər gətirirdi. Lakin bazar soyumağa başlayıb, iki həftə öncə oxuduğum məqalədə Ostində qiymətlərin 11% düşməsi barədə məqalə oxumuşdum. Ümumiyyətlə, ABŞ-də əmlaka investisiya baxımından çoxlu maraqlı insaytlarım oldu, bu barədə ayrıca yazacağam. Bir çox Azərbaycanlıları maraqlandıran mövzudur.
San-Fransisko
Ostində 3 gündən sonra 2 günlük SF-ə gəldim. San-Fransiskonu izah etmək üçün həmin bu iki gündə baş vermiş bir hadisəni danışmalıyam, onda tam anlayacaqsınız.
Şəhər mərkəzini gəzirik, “Union Square” deyilən yer var orda, düz ürəyidir. İşıqforda durmuşuq, bir də görürük bizim yanımızda Tim Kuk durub, yaşıl işığın yanmasını gözləyir. Dünyanın hansı başqa yerində belə bir şey görə bilərsiniz ki, 3 trilyon dollarlıq şirkətin icraçı direktoru işıqforda sizinlə bir yerdə dayanıb? Deyə bilərsiniz ki bu gözləniləndir, Silisium Vadisidir, Pal-Alto zırt-pırt, bilirik ki, onlar hamısı oradadır. Lakin maraqlısı bilirsiniz nədir? Axşam saat 19:00 radələrində eyni yerdə gəzərkən çox bərbad görsənən narkotik aludəçisi olan bir xanım bizə yaxınlaşaraq bizdən milk-şeyk istəyibdir (ümid edirəm bunun nə olduğunu ətraflı izahsız analyırsınız). Və San-Fransisko budur – şəhərin mərkəzində Tim Kukla qarşılaşırsan və eyni yerdə narkotik satıcıları, evsiz insanlar, fahişələr heç nə olmamış kimi yaşayırlar. Azərbaycandan gələn birisi üçün bu çox təəccüblüdür. Polisini belə iradəsizmi, gücsüzmü, vecsizmi, bacarıqsızmı olması inandırıcı görsənməyib, amma fakt budur. Azərbaycanın istənilən bir yerində sevdiyin qızı öpsən belə, Post Patrul xidməti lampadakı cin kimi qəflətən peyda olub, sizə ictimai asayişin pozmamaq tələbini irəli sürəcək, qalmışdır ki, küçədə narkotik işlədəsən.
Pozitivdən də danışaq. Bakıda doğulmuş və yaşamış birisi üçün böyük suyun yanında yaşamaq mənə çoxlu zövq verir və San-Fransisko bununla könül alır. Havası da Texasla müqayisədə daha mülayim hesab edilə bilər. Bulvarımıza bənzər promenadası var (Piers). Ümumiyyətlə ABŞ-də, miqyas baxımından, bizim bulvara çatacaq promenada heç görmədim, amma çoxlu adamın, küçə yeməklərinin və ümumiyyətlə gəzmə vaybının olduğu bir yerdir.
Orada yaşasaydım əminliklə mərkəz tərəflərdə yaşamazdım, küçələrdəki vəziyyət bir xeyli stressə salır. Lakin ətrafda çox gözəldir. Xüsusən əgər “tech”-də çalışırsınızsa və ya onlar üçün nəsə görürsünüzsə. Misal üçün, bizim bir qardaş orda bütün Silisium Vadisini premium Çin metlax və kafelinə keçirib – hamam otaqlarının və mətbəxlərin renovasiyası ilə məşğul olur. Hazırda aldığı mülklərdən icarə gəlirləri aylıq 70 min dollar təşkil edir (onun sözünə görə). ABŞ-də adətən kafel-metlaxa çox da fikir vermirlər, bəsit hamama-tualet edirlər. Dediyim odur ki, nişa-bazarlar var, yaxşıca araşdırıb, pul qazanmaq olar.
Siatl – Belvyu
Bakıda şəhər kənarında yaşayıram. Həmişə bunu arzulamışam. Ümid edirdim ki, hər gün günəş oyanmasını dəniz sahilində qarşılaya biləcəyəm, enerji toplayacam, retroqrad merkurinin neqativlərini balanslaslaşdıracağam və ... və zırt. Bir ildən çox dəniz kənarında yaşamağıma baxmayaraq bunu cəmi bir dəfə etmişəm. Güc-bəla ilə, milyon zəngli saatla sübh zamanı oyana bilirsən. Bu “5am” klub üzvü heç ola bilmirəm. Niyə görə bunu danışıram, çünki Siatl və Belvyu məhz həmin öyrəşdiyimiz mərkəzi şəhər mühitini verir. Burada kənarda yox, məhz beton meşələrin arasında yaşamaq istəyirsən. Ən azından şəhər mərkəzi vaybları şəxsən mənə daha çox yaraşdı.
Amma, və amma, yenə də şəhər mərkəzində evsizlər, narkomanlar ... Mən ki, 12 yaşlı oğlumla birlikdə yaşayıram və onun təhlükəsizlik məsəlləri, onun təhsil alma imkanları mənim üçün çox vacibdir. Özlüyümdə düşündüm - uşaqla belə bir yerdə qala bilərmi insan? Tək olsaydım daha rahat olardım, bəlkə. Amma uşağının bu hallara öyrəşməsini istərdimmi? İndi burda mənə valideynlik dərsi verə bilərsiniz - uşaqlarımızı hər şeydən qoruya bilmərik və, bəli, Siatlda yüz minlərlə uşaq gündəlik rutinində yaşayır, mənim uşağım onlardan üstün deyil filan. Bəli, elədir, amma daha təhlükəsiz mühit təşkil edə biliriksə, niyə etməyək ki?
Belvyu qonşu şəhərdir. 30 dəqiqə maşınla və artıq ordasan. Microfost, Azmazon baş ofisləri ordadır. Bu şəhərdə gecə oldum, günorta olmaq imkanım olmadı. Çox bəyəndim. Çox təzədir, çox təmizdir. Bizim “Ağ Şəhəri” xatırlatdı. Gecələr evsiz, narkoman görmədim. Bu sevindirdi. Bu şəhərə bir də baş çəkmək istərdim.
Vaşinqton
Vaşınqton mənə ən unudulmaz təəssürat qoydu. İlk olaraq ən yaxın məktəb dostumu dünyanı idarən edən masonların baş ofisində gördüm. Amma daha vacib, klassik ABŞ ənənəsinə uyğun olaraq, avtomobilimizin şüşəsini qırıb, laptop çantamızı oğurladılar. Ağ Evdən 2 kvartal məsafədə. Yəni bundan da keçdim.
Oğlumla çoxlu ABŞ polis seriallarına baxırıq, adətən ya NYPD olur, ya LAPD olur, amma ona dedim ki, inciməsin, Vaşınqton PD ilə şəkil göndərəcəyəm ona. Ən az ehtimal etdiyim yerdə, gəlib bizi soydular. Dostum dedi ki, masonların lojasında belə avtomobilini parklayanda, bütün çantaları gizlədir. Vaşıqnton üçün bu normaldır.
Turist kimi biz güman edə bilərik ki, Vaşınqtonda hər yanda kamera, üz tanıma, “böyük qardaş” gözləri, CİA, FBİ, TSA və s. agentlər tökülübdür, amma elə deyil. Ağ evdən iki məhəllə o tərəfə artıq kamera-filan yoxdur.
Vaşıqntonda qanımız bir az qaralsa da, çox da yüksək binaların olmaması sevindirdi. Şəhər təmiz görsənirdi.
Vaşıqntonda bir daha şeydən heyfsiləndim. Şərbət adlı bizim yerli qənnadı mağaza-kafesi var idi, düz şəhərin mərkəzində, onu satışa çıxarmışdılar, lakin gec bildim, yoxsa alardım. Hansısa ərəb alıb və çox güman profilini dəyişəcək. Camaatı kola ilə kökəltməkdənsə, paxlava-şəkərbura ilə insulin dirəncini aşağı salmaq olardı. Paralelində yaxşı lobbist də ola bilərdim. Vaşınqtonda başqa nə edəsən ki? Ya lobbisti-siyasətçiləri yedirməlisən, ya da lobbist-siyasətçi olmalısan.
Nyu-York
Vaşınqtondan sonra Nyu-Yorka yolda düşdüm. Manhattanda qaldım. Manhattan ab-havasını çox bəyəndim. Dadlı yemək və müasir memarlıq həvəskarı kimi buranı çox sevdim (pul qabımın imkanı çatdığı qədəri ilə). Şəhərin vayblar ürəyimcə oldu.
Amma tək yaşasaydım. Bir keçmiş həmkarımla görüşdüm, eyni yaşda olmağımıza baxmayaraq, hələ də subay idi, şəhərin mərkəzində yaşayırdı və maliyyədə çox yaxşı karyera qurmuşdu. Bir saniyəlik paxıllıq etdim, sonra 3 uşağımın şəklinə baxdım və paxıllığım keçdi, düşündüm ki, məndə həyat daha yaxşıdır. Klassik dilemmadır – evli kişilər subaylara paxıllıq edir, subaylar isə evlilərə.
Siatlda, Ostində olan dilənçilər, evsizlər burda da var idi və bir xeyli idi. Özün üçün qorxmasan da, uşağın üçün narahat olursan.
Bruklinə getdik. Bakı restoranına. Kökəlmiş, qrin-kartsahibi Elarizə qulaq asmağa. Yol yoldaşım olan Elşad Kaminqdə (Corcia) yaşayır və orada Azərbaycan restoranları olmur deyə, Nyu-Yorkda olanda mütləq bizim yeməkləri dadmağa gedir. Nostalji hislərindən savayı ora baş çəkməyə başqa səbəb yoxdur. Bakıda bu qədər gözəl Azərbaycan mətbəxi restoranlarının olmasına rəğmən, Nyu-Yorkda onların heç biri zövqlü deyil. 90-cı illər Bakını kafeteriyalarını xatırladır. Digər tərəfdən, düşünürəm ki, “high-end” Azərbaycan restoranına da ehtiyac yoxdur, İranlılar bu nişanı alıb. Mətbəximiz oxşardır, onlar orda bizdə daha tez məskunlaşıblar və sayca daha çoxdurlar.
Bruklin özlüyündə o qədər də xoşuma gəlmədi. Necəsə kompromisli bir yerdir. Nyu-Yorka yaxınsan, amma orda deyilsən, həmin vaybları almırsan. Lakin, Manhattandan fərqli olaraq, işıqlıdır, günəşi görə bilirsən. Manhattan elə bir günəşdən məhrum olmuş dəmir-beton cəngəlliyidir.
Nyu-Yorkda iki gün yarım olduq. Azdır. “Milk Bar”-da “Crack Pie” yemək istəyi ilə ora getmişəm, amma çatdıra bilməmişəm. Nyu-Yorka gərək bir həftəlik gələsən, çoxlu pul ilə və əvvəlcədən rezervasiyalarla. Oradakı bütün dadlı təamlardan zövq alasan. Zövq almağı bacarırsansa. Mən həyatımın ilk 40 ilini nə yediyimin fərqində belə olmamışam, təzəlikcə bunu özümdə aşkar etməyə çalışıram. Nyu-York bunun üçün yaxşı yerdir.
Orlando-Mayami
Nyu-Yorkdan qısa müddətli Orlandoya uçduq. Bu daha çox biznes səfəri idi, zavoda dəyməli idik. Trampın başladığı yenindən sənayeləşmə (mən bunu 2011-ci ildə çıxan kitabımda ehtimal edirdim) böyük sürətlə yeni iş yerləri və imkanları yaradır. Xüsusən metallurgiya sahəsində. İdxala qoyulan rüsumlar və infrastruktura yatırımları böyük bir bum yaradıb. Orlando barədə maraqlı bir şey deyə bilməcəyəyəm. Sahilini bəyəndim, ayaqlarımı islada bildim, qumunu dəyərləndirdim.
18 günlük dəlixanadan sonra, gəldik ürəyimizin dincələ biləcəyi yerə - Mayami. Və nəinki Mayami, Mayabi Biçə. Təhlükəsizlik, narko-ticarət barədə bəlkə ən pis gözləntilərim məhz bu şəhərdən idi. Narkos və digər seriallara baxaraq, Mayaminin prinsipcə narkotik pullarına tikildiyini bilirdim. Lakin digər tərəfdən De Santisin də çox yaxşı qavernor olmasını da bilirdim, amma bu qədər effektiv olduğunu düşünmürdüm (burda onu da deyim ki, onların heç biri Azərbaycanın ən ucqar rayonunun icra başçısı kimi effektiv deyil. Ağaca vurun, göz dəyməsin).
Küçələrdə bu qədər patrul maşınlarının, bu qədərə polisin olduğu, nizam-intizamı qorunan başqa heç bir şəhərdə görmədim (demək deyil ki, yoxdur sadəcə mən görmədim). Yenə də bizim polisimizə çatmaz, bizimkilər o qızları və oğlanları bu geyimdə görsəydi, bircə buna görə bölməyə aparardılar, amma ABŞ səviyyəsində ən çox təhlükəsiz hiss etdiyim yer olub (şəhərdənkənar yerləri nəzərə almasaq). Əlbəttə, Cənub Çimərliyində (South Beach) sənə gizli yaxınlaşıb kokain təklif edirdilər, lakin küçədə kimsə damarına narkotik vursun kimi hallar görmədim.
Okeanın suyu, qumu, yeməklər, vergi sistemi, inzibati idarə etmə ən çox bəyəndiyim yerlərdən olub. Ev sahibi olmaq çox bahadır, həm alış perspektivindən, həm də aylıq kommunal ödənişlərə görə. Bir neçə il öncə bina çökmüşdür, onda sonra yaşayış yerlərinin cari təmiri və saxlanılmasına diqqət daha da ciddiləşib və ödənişlər bir xeyli artırılıbdır.
Pulun olduğu halda may-oktyabr aylarını Nyu-Yorkda, oktyabr-may aylarını Mayamidə keçirmək olardı. Əsasa məsələ indi həmin bu pulları qazanmaqdır.
Bununla səfərim yekunlaşıb, növbəti səfərimi planlaşdırıram. Hyuston, yenidən Nyu-York, Boston, Las Veqas və oradan da Meksika.