Bu gün səhər, feysbuk səhifəmdə, poçt daşımaları ilə şəxsi istifadə üçün gətirilən mallara limitin azaldılması ilə bağlı gömrük komitəsinin əsaslandırılmasını şərh etdim (https://bit.ly/2FQZFOG). Bu zaman əsas məqsəd eyni mövzuya müxtəlif baxışların olmasını göstərmək idi, hansısa tərəfi tutmaq deyildi.
Yeni qərara qarşı bir çox tanınmış iqtisadçıların (https://bit.ly/2Ey32JY, https://bit.ly/3gqLVXv) arqumentlərini çox populist hesab edirəm. Onlar iqtisadi əsaslandırma vermir, sadəcə xal (like) yığırlar. Hamı yapışıb bu 1000 və 300 dollar sözlərindən. Bunların hər ikisi dəyərləndirici (judgemental) rəqəmlərdir. Biri deyir min dollar yaxşıdı, digəri deyil 300 dollar çox azdır. Azdır, çoxdur məsələsi deyil. Heç birinin nə iqtisadi, nə də məntiqi əsası var. Nə vaxtsa min dollar qoyublar (o zaman 800 manat edirdi), indi də 300 dollar ediblər (500 manat). Mən hətta düşünürəm ki, ölkdə orta illik əməkhaqqı 6 min manat olarkən, illik poçt bağlamalarına 12 min dollarılıq güzəşt heç də kasıb və orta təbəqə üçün düşünülməmişdir, daha çox orta yüksək və ya «BiPişnik» təbəqəsi üçün faydalı olurdu. Mövzunu iki prizmadan müzakirə edək – maya dəyəri və bizdə olan əməliyyat xərcləri.
Azərbaycanın bazar həcmini nəzərə alaraq, bizdə heç zaman texnika və bir çox digər məhsullar ABŞ-dakı kimi ucuz olmayacaq. Bu obyektiv reallıqdır. Samsung və Sony ABŞ-a satdıqları TV-ləri bizim distribyutorlara heç zaman o qiymətə satmaycaq. Bütün bu məhsullar ABŞ-da istehsal olunduğu üçün (və ya azad ticarət müqaviləsi altında idxal olunduqları üçün), gömrük rüsumları da yoxdur. Onlarda ƏDV olmadığından, bu vergi də tətbiq edilmir. Heç də təəccüblü deyil ki, bizim distribyutorlar Samsungdan TV-ni alanda, 40% artıq yüksək maya dəyərindən başlayırlar.
Geyimlərə gələndə, eyni də Türkiyədəki qiymətlərlə, bizim qiymətləri müqayisə etmək olmur. Həm gömrük/vergi siyasəti, həm də yerli istehsal və rəqabət inanılmaz avantaj verir. Əlavə olaraq, icarə yerlərinin bahalığı, biznes mühitinin riskliliyi, biznesin qısa-müddətli düşünülməsi ona gətirib çıxarır ki, bu ölkədə net marja 30% olmasa, heç kim bizneslə məşğul olmaz. Paltar kimi aşağı dəyərli mallarda bu marja 50% də ola bilər.
Bu qərarda məni ən çox məyus edən fakt ordur ki, bizim gömrük hələ də köhnə fəlsəfəsindən əl çəkməyibdir. Əsas məqsəd daha çox pul yığmaqdırsa, insanlara əlavə prosesual əziyyətlərin verilməsinə davam edirlər. Tamam, deyək 300 dollar elədilər, poçtla mənə gəldi. Ay nə bilim bəyannamə doldur, bir yerdə yığ, agent/broker tap, onlara ödəniş et, anbarda saxlanc xərclərini qarşıla və s. Sizə pul lazımdırsa, mənim elektron kabinetimdə invoysu yerləşdir, ödəyim. Və ya poçtda/poçtalyonla bu 36 faizini götür, əl çəkin. Niyə lazım bütün bu artıq işgəncələr?
Bir məsələni də izah etməliyəm. Gömrük rüsumlarının əsas məqsədi ölkədə istehsalın açılması üçün stimul yaratmaqdır. Mən heç zaman gömrük rüsumlarının şablon düşünülməsinin tərəfdarı olmamışam, lakin Samsung gəlib Azərbaycanda TV-lər yığmayacaq, çox güman, rüsumlar sabah 100% belə olsa. Bəlkə hansısa Çin şirkəti bizdə gəlib nəsə yığa bilər və bu zaman ən azından 15% qədər üstünlük əldə edəcəkdir (avtomobil və Acer notbuklarının yığılması kimi). Ancaq ən keyfiyyətli məhsulu burada ala bilməyəcəyik (Apple telefonlarını və ya Samsung televizorlarını). Və ölkə rəhbərliyi qarşısında duran ilk sual bu olmalıdır – mən öz vətəndaşlarım üçün ən yaxşısınımı istəyirəm, yoxsa aşağı keyfiyyətli yerli istehsal malını. Bu suala cavaba uyğun da gömrük tarifləri tənzimlənir və ticarət sazişləri imzalanır.
ƏDV məsələsinə gəldikdə, bu da artıq daha çox fəlsəfi məsələdir, nəinki iqtisadi. ƏDV istehlak vergisdir və, vergi məcburi olmalıdırsa, mən istehlak vergisini (proqressiv olduğu halda) daha ədalətli hesab edirəm, nəinki gəlir vergisini. ABŞ, Dubay bu baxımdan yaxşıdılar ki, birincisi daha çox gəlirdən vergi yığır, ikincisi istehlakdan. Biz isə Avropa yolu ilə gedərək, həm gəlirdən, həm də istehlakdan vergi yığırıq. Qaldı Avropadakı kimi həyat tərzi keyfiyyətini almaq.