Mən ilk dəfə SpaceX ilə 2011-ci ildə tanış olmuşam.
Həmin dövrdə Maliyyə Nazirliyində çalışırdım. Qarşımızda Azərbaycanın ilk peyki olan Azerspace-1 layihəsinin maliyyələşdirilməsi və orbitə çıxarılması məsələsi dayanırdı. Bu layihə üzərində indiki Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə birlikdə işləyirdik. O zaman Rəşad müəllim Rabitə Nazirliyinin maliyyə departamentinə rəhbərlik edirdi.
Həmin illərdə SpaceX bugünkü SpaceX deyildi.
Şirkət yeni idi. Uğurlu buraxılış sayı məhdud idi. Texnologiya perspektivli görünürdü, amma etibarlılıq baxımından bazarın lideri hesab olunmurdu. Buna görə də Azerspace-1 üçün daha konservativ Avropa həllini seçdik.
Aradan 13 il keçdi.
Bu müddətdə SpaceX kosmik sənayeni faktiki olaraq yenidən yaratdı. Təkrar istifadə olunan raketlər, Starlink layihəsi, dünyanın ən böyük peyk internet şəbəkəsi və nəticədə kosmos sahəsində demək olar ki, monopoliyaya yaxın mövqe.
Bu gün isə vəziyyət tam fərqlidir.
Azərbaycanın üçüncü peykinin orbitə çıxarılması üçün artıq məhz SpaceX seçildi. Rəşad Nəbiyev Elon Musk ilə görüşdü. Musk isə Bakıda keçirilən InMerge sammitində çıxış etdi.
Mənim üçün həmin anda bir nəticə tam aydın oldu:
Elon Muska qarşı mərc etmək təhlükəlidir.
Son 20 ildə onun uğursuz olacağını düşünən insanların əksəriyyəti yanılıb.
Amma yaxşı şirkətlə yaxşı investisiya həmişə eyni şey deyil.
SpaceX bəşəriyyətin ən möhtəşəm şirkətlərindən biri ola bilər. Lakin bu o demək deyil ki, onun IPO-suna istənilən qiymətdən daxil olmaq məntiqlidir.
SpaceX əslində nədir?
Bu gün SpaceX əslində üç fərqli biznesdən ibarətdir:
Kosmik buraxılışlar;
Starlink peyk interneti;
Süni zəka biznesi (xAI, Grok və X platforması).
Ən vacib detal budur ki, bu üç biznesdən yalnız biri hazırda ciddi mənfəət yaradır.
Bu da Starlink-dir.
Başqa sözlə, investor bu gün sadəcə raket şirkəti almır.
O, eyni zamanda dünyanın ən böyük peyk internet şəbəkəsini və süni zəka ambisiyalarını alır.
Məhz buna görə qiymətləndirmə də bu qədər yüksəkdir.
Yaşıl bayraqlar
Hər şeydən əvvəl bir şeyi etiraf etmək lazımdır ki, SpaceX sadəcə hekayə deyil. Ortada çox ciddi nəticələr də var.
Starlink artıq möcüzə deyil, biznesdir
2025-ci ildə Starlink-in gəlirləri 50% artaraq 11,4 milyard dollara çatdı.
Daha maraqlısı odur ki, əməliyyat mənfəəti 120% artaraq 4,4 milyard dollara yüksəldi.
Yəni şirkət böyüdükcə xərclər gəlirdən daha yavaş artır.
Bu, investorların sevdiyi biznes modelidir.
Pul vəsaitlərinin axını marjası artıq 63%-ə çatıb. Bir çox ənənəvi internet provayderləri belə göstəricini yalnız arzulaya bilər.
Böyümə hələ bitməyib
Starlink-in abunəçi sayı bir ildə 5 milyondan 10,3 milyona yüksəlib.
Dünyada hələ də yüz milyonlarla insan normal internetə çıxış əldə edə bilmir.
Kəndlər, dağlıq ərazilər, adalar və uzaq regionlar üçün Starlink bəzən yeganə alternativdir.
Bu isə o deməkdir ki, böyümə potensialı hələ də böyükdür.
Kosmosda faktiki monopoliyaya yaxındır
2023-cü ildən bu günə qədər orbitə göndərilən yük kütləsinin 80%-dən çoxunu SpaceX daşıyıb.
Uğur göstəricisi isə 99%-dir.
Ən maraqlısı budur ki, Amazon belə özünün rəqibi olan Kuiper layihəsinin bəzi peyklərini SpaceX vasitəsilə orbitə göndərir.
Səbəb sadədir:
Daha ucuz və daha etibarlı alternativ yoxdur.
Bu gün Starlink-in orbitdə təxminən 9.600 peyki var.
Ən böyük rəqib Kuiper-in isə cəmi 300.
Daxili investorlar qaçmır
IPO zamanı daxili investorların (əvvəlcədən pay alanlar) pay satmaması mənim üçün müsbət siqnaldır.
Şirkətdən çıxış etmirlər.
Əksinə, toplanan vəsait Starship, Starlink və süni zəka infrastrukturuna yönəlir.
Bu, rəhbərliyin hələ də gələcəyə inandığını göstərir.
Qırmızı bayraqlar
İndi isə investorun gözünü bağlaya biləcək hissəyə baxaq.
Şirkət hələ də böyük pullar itirir
2025-ci ildə SpaceX 4,9 milyard dollar zərər edib.
2026-cı ilin yalnız ilk rübündə isə əlavə 4,28 milyard dollar.
Yaranandan bu günə qədər yığılmış ümumi zərər 41,3 milyard dollardır.
Təkcə AI seqmenti hər rübdə təxminən 2,5 milyard dollar pul yandırır.
Bu rəqəmləri görməməzlikdən gəlmək olmaz.
Qiymət çox bahadır
Mənim əsas narahatlığım məhz budur.
SpaceX satışlarının təxminən 95 qatına qiymətləndirilir.
Müqayisə üçün:
S&P 500 şirkətlərinin orta göstəricisi təxminən 3 qatdır.
Palantir kimi bazarın ən bahalı şirkətlərindən biri isə təxminən 73 qat səviyyəsindədir və üstəlik mənfəətlidir.
SpaceX bu qiyməti doğrultmaq üçün eyni anda bir neçə möcüzə etməlidir:
Starship işləməlidir;
Grok bazar qazanmalıdır;
Orbital məlumat mərkəzləri yaradılmalıdır;
Starlink dominantlığını qorumalıdır.
Bunların heç biri hələ sübut edilməyib.
Qiymətləndirmə ekspertləri də ehtiyatlıdır
NYU professoru Aswath Damodaran şirkətin ədalətli dəyərini 1,25–1,35 trilyon dollar hesablayır.
Bu isə IPO qiymətindən təxminən 30% aşağıdır.
Morningstar daha sərtdir.
Onların hesablamasına görə SpaceX-in dəyəri təxminən 780 milyard dollardır.
Yəni IPO qiymətinin yarısından da az.
Bu, SpaceX-in pis şirkət olması demək deyil.
Sadəcə bazarın artıq gələcəyin böyük hissəsini bu günün qiymətinə əlavə etdiyini göstərir.
Şirkət deyil, Musk qərar verir
Musk iqtisadi payın təxminən 42%-nə sahibdir.
Amma səs hüququnun təxminən 85%-ni nəzarətdə saxlayır.
Başqa sözlə:
Siz səhmdar olursunuz.
O isə qərar verən olaraq qalır.
Bir çox investor üçün bu ciddi idarəetmə riskidir.
AI hissəsi hələ sübut edilməyib
Grok hazırda süni zəka bazarının təxminən 3,4%-nə sahibdir.
OpenAI, Google, Anthropic və Microsoft-un arxasındadır.
Daha maraqlısı isə budur ki, AI seqmentinin əsas gəliri Grok-dan yox, məlumat mərkəzlərinin icarəsindən gəlir.
Bu müqavilələr isə 90 günlük xəbərdarlıqla ləğv edilə bilər.
Bütün plan Starship üzərində qurulub
Starship işləməsə, SpaceX-in gələcək böyümə planlarının böyük hissəsi sual altına düşür.
Problem odur ki, Starship hələ də test mərhələsindədir.
Hələ də uğursuz uçuşlar və partlayışlar baş verir.
Yəni gələcəyin böyük hissəsi hələ kağız üzərindədir.
Siyasi risk mövcuddur
SpaceX-in milyardlarla dollarlıq NASA və Pentaqon müqavilələri var.
Bu gün bu üstünlükdür.
Sabah isə riskə çevrilə bilər.
Musk-un siyasətdə aktiv iştirakı və Vaşinqtonla vaxtaşırı yaşadığı qarşıdurmalar investor üçün əlavə qeyri-müəyyənlik yaradır.
Biznesdə texnoloji riskləri hesablamaq mümkündür.
Siyasi riskləri isə daha çətindir.
Mən nə edərdim?
Əgər sual "SpaceX yaxşı şirkətdirmi?" olsa, cavabım birmənalı olaraq "bəli"dir.
Əgər sual "Elon Musk XXI əsrin ən böyük sahibkarlarından biridir?" olsa, yenə cavabım "bəli"dir.
Amma sual "bu qiymətdən almaq lazımdırmı?" olarsa, mən daha ehtiyatlı olardım.
Şəxsən mən ilk bir neçə rübün nəticələrini gözləyərdim.
İctimai şirkət olduqdan sonra SpaceX ilk dəfə tam şəffaf maliyyə hesabatları təqdim edəcək.
O zaman Starlink-in real gəlirliliyini, süni zəka biznesinin vəziyyətini və şirkətin pul axınlarını daha obyektiv qiymətləndirmək mümkün olacaq.
Nəticə
Mən Elon Muska qarşı mərc etməzdim.
Tarix göstərir ki, bu, çox vaxt yaxşı ideya olmur.
Amma investorun işi qəhrəman seçmək deyil.
İnvestorun işi dəyəri qiymətləndirməkdir.
Mən möhtəşəm şirkət almaq istəyirəm.
Amma istənilən qiymətə yox.
Çünki investisiyada gəliri yaradan təkcə şirkətin keyfiyyəti deyil.
Həm də onu hansı qiymətə aldığınızdır.
No comments:
Post a Comment