Qeyd: Bu məqalə mənim “İlk Milyonum” (www.parvizi.org) investisiya kursuma yazılan iştirakçılar üçün nəzərdə tutulmuşdur. Lakin buradakı fikirlərin hər bir Azərbaycanlı üçün vacib olduğunu nəzərə alaraq bu məqaləni açıq paylaşıram.
Bir dostunuzu
xatırlayın. Yaxşı işi var, maaşı orta hesabla 2.500–3.000 AZN. Ailə
qurmağı düşünür. Valideynlər təzyiq edir: "Mənzil al, icarəyə pul atma." Bank da razıdır. 25 illik ipoteka, ilə 8%
faiz, 30% ilkin ödəniş. Nərimanovda 2 otaqlı köhnə tikili:
90,000 dollar. Hesablama edir, ipoteka müqaviləsini imzalayır.
O gün həmin
dostumuz özünü ağıllı düşünürdü. Mənzil, onun fikrincə, ən
etibarlı investisiya idi. "Torpaq azalır, əhali artır, qiymətlər isə daim
yüksəlir". Media, maklerlər, tikinti şirkətləri, dostlar, ailə üzvləri hər kəs bu cümləni deyir. Necəki balaca uşağın ilk sözü “ana” olduğu kimi, eləcə də ilk yetkin insanın sözü “ev”dir.
Beş il keçib.
İpoteka ödənişləri davam edir. Mənzilin
qiyməti bəlkə bir az artıb, bəlkə də yerində sayır. Növbəti devalvasiya olmayıbsa, dostumuz özünü 90 min dollarlıq
bir sərvət sahibi hesab edir. Amma dünya dəyişib. Biz isə hələ fərqində deyilik.
I. SƏRT PROQNOZ
Gəlin reallığa
baxaq danışaq.
Növbəti 4–7
ildə inkişaf etmiş ölkələrdə (və bu dalğa gecikmə ilə də olsa, Azərbaycana çatacaq) əmlak bazarı kütləvi investisiya aləti kimi çökəcək. Bir gecəlik böhranla yox. Uzun, geri dönməyən korreksiya ilə. Mənzil "pensiya planı"
və "etibarlı liman" olmaqdan çıxacaq.
Yalnız kiçik bir
premium əmlak, ən yaxşı lokasiyalar, həqiqətən
unikal obyektlər, investisiya dəyərini qoruyacaq. Qalanı ya ucuzlaşacaq, ya da illərlə donub
qalacaq. Sahibinin kapitalını inflyasiya və vergilər tədricən
yeyib qurtarana qədər.
Qeyd: Bu proqnozdur, hesabat deyil. Proqnozlar səhv ola bilər. Mən iddia etmirəm ki, hər şey tam bu cür olacaq. İddia
edirəm ki, bu ssenarinin ehtimalı yüksəkdir.
II. NİYƏ ÇÖKƏCƏK?
Əvvəlcə bir mifi beyninizdən silməliyik - mənzil qiymətləri təbii olaraq artır.
Bu “təbii”
artımın 4 komponenti var. Bir-bir incələyək.
1.
Dövlət və banklar
İkinci Dünya
Müharibəsindən sonra ABŞ və digər inkişaf etmiş ölkələrdə hökumətlər vətəndaşlarını
ev sahibinə çevirmək üçün sistem qurdu. İpotekaya dövlət zəmanəti, faiz güzəştləri,
veteranlara xüsusi şərtlər. Bu, "təbii tələb" deyildi, siyasi konstruksiya idi. Azərbaycanda
isə bu fərqli işlədi.
Öncəliklə neft gəlirləri inşaat bumunun yaratdı. Sonradan, xarici təcrübədən bəhrələnərək, dövlət zəmanətli ipoteka fondları yaradıldı, kiçik
və orta biznesin inkişafı ləngiməsi hesabına banklar daha çox istehlak və ipoteka kreditlərinə həvəsləndilər. Nəticə ABŞ-yə oxşardır. Tikinit bumu, qiymətlər maksimum səviyyədə, alan yoxdur.
2.
Multiplikator effekti
Banklar anladı ki,
ipoteka yalnız kredit deyil, başqa bizneslər üçün də əsas ola bilir. ABŞ-də ipoteka kağızlarından çoxlu digər qiymətli kağızlar yaratdılar. Kredit vermə standartlarını yumşaltdılar.
Mənzilə kredit vasitəsi kimi baxmağa başladılar. Nəticədə əmlak sadəcə ev deyil, kapital
yığımının mərkəzi oldu. Orta sinif pensiyasını bu yolla qururdu, banklar isə
komissiyaları ilə qazanırdı.
Eyni ilə Azərbaycanda, tikinti bumu bu biznes ətrafında çoxlu digər bizneslərin yaranmasına imkan verdi.
3.
Demografiya
İkinci dünya
müharibəsindən sonra ABŞ-də uşaqların daha çox doğulması müşahidə olundu. Buna ad qoydular "Baby-boom". Z nəsli “boomer” deyərək rişxənd etdiyi yaşlı nəsil məhz onlardır. Bunun nəticəsi olaraq urbanizasiya və ev təsərrüfatlarının sayı artdı. Tədqiqatlar göstərir
ki, 1970-ci illərdən 2000-ci illərin ortasına kimi mənzil qiymətlərinin
artımının 40-50%-ni sırf demoqrafik amillər izah edir. İnsanların sayı
artdıqca tələb artır, tələb də qiymətləri artırır. Bu sadə riyaziyyatdır, sehr deyil.
Oxşar ssenari də 1990-2020-ci illərdə Azərbaycandan müşahidə olundu. Qarabağdan məcburi köçkünlərin Bakıya axını, neft pulları
hesabına dövlət xərclərinin artması, bunun sayəsində əhali gəlirlərinin və sayının artması fonunda daşınmaz əmlaka külli miqdarda investisiya qoyulda və Bakıda çoxlu binalar tikildi.
4.
Ucuz kredit
Qərbdə mənzil qiymətlərinin sürətli şəkildə artmasını izah edərkən kredit
şərtlərinin yumşalması (aşağı faizlər, yüksək
kredit-dəyər nisbəti, subprime məhsullar və s.) böyük rol oynadı.
Keynsçilik iqtisadiyyat
məktəbinin fikrini üstün tutaraq, 2000-ci ilin “dotcom” böhranın qarşısını
almaq üçün ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcələrini aşağı saldı, bu krediti daha
ucuz etdi, yeni pul kütləsi bazara daxil oldu. Bu ucuz
kreditlər daşınmaz əmlaka yönəldi. Mənzil
daha bahalı olmadı. Sadəcə alıcının cibinə daha çox pul qoyuldu deyə qiymətlər artdı.
Bütün bunlar “The Big Short”, “Margin Call” filmlərində geniş izah olunur. Mütləq baxın.
Oxşar vəziyyət Azərbaycanda da baş verdi. Həm dövlət ipoteka fondu yolu ilə ucuz kreditlər, həm də bankların ipoteka kreditlərinin bütün digər kredit faizləri ilə müqayisədə daha aşağı faiz vermələri ipoteka kreditləşməsinə külli miqdarda vəsait yönəldib.
Banklarada bu inam var ki, əmək müqavilələrin 70% dövlətə və dövlət şirkətlərinə bağlı olduğundan dövlət bu işçiləri qoruyacaq. Əhalinin digər 20% sistem əhəmiyyətli holdinqlərə bağlıdır və bu Holdiqnlər siyasi ajendaya uyğun olaraq iri miqyaslı ixtisarlar
etməz. Bu səbəbdən onlar üçün ipoteka kreditləri aşağı riskli investisiya hesab edilir. Banklar
üçün bu insanların gəlirlərinin artımı deyil, sabit olması vacibdir.
Daşınmaz əmlak bazarını qoruyan
mexanizmin bu dörd ayağı var.
Birini kəsəndə stul titrəyər.
İkisini kəssək stul yıxılar.
İndi görək hansı ayaqlar kəsilib və/və ya kəsilməkdədir.
III. BİRİNCİ KƏSİLƏN AYAQ - ORTA SİNFİN ÇÖKMƏSİ
İnkişaf etmiş ölkələrdə orta
sinif təbəqəsi üçün mənzil artıq əlçatmazdır. İpoteka və ya icarə ödənişi gəlirin 30–50%-ni aparır. Bu,
istisna hal deyil artıq, bir çox iri şəhərlərdəki orta vəziyyətdir.
Valideynlər köməyi, miras və ya "möcüzə" olmadan ilk ödənişi toplamaq bütöv bir nəsl
üçün praktiki cəhətdən mümkünsüzdür.
Bu Bakıdan uzaqda
görünən problem kimi görünür? Düşünün. 2019-cu ildə Nərimanovda
2 otaqlı mənzil 100 min manat idi. 2026-ci ildə həmin mənzil 250
min manatdır. Bu gün Bakıda orta maaş isə 1200 manatdır. Və bu orta maaşdır, median deyil. Median daha aşağıdır.
1200 manat maaşla nə 30% ilkin ödəniş, nə də ki, ipoteka ödənişini etmək mümkün deyil. İki otaqlı mənzil 400-500 manat civarında icarəyə verilir və bu da həmin 30-50% edir.
Belə strukturun siyasi nəticəsi var. Bir tərəfdə indiyə kimi mənzil alıb yığanlar . Bizim “Boomer”
və sonrakı nəsil. Onların pensiyası və sərvəti bu əmlaklardadır. Digər tərəfdən cavan nəsil. Ev ala bilmədiyinə görə ailə qura bilməyən cavanlar. Hər
hansı bir tədbirlər birinə kömək edərsə, digərinə zərər
verir. Siyasətçilər dirənib. Dirənməkdə də davam edəcəklər. Bunu çözmək üçün xüsusi siyasi iradə lazımdır. Bu iradəni hələ dünyanın heç bir ölkəsində görmürük.
IV. İKİNCİ KƏSİLMƏKDƏ
OLAN AYAQ – SABİT GƏLİR OLMAYACAQ
Daşınmaz əmlak qiymətləri proqnozları
bu hissəni qaçırır.
Uzunmüddətli
ipoteka yalnız bir fərziyyəyə əsaslanır. Bu nə "mənzil bahadır" fərziyyəsidir,
nə də ki, "tələb
artır" fərziyyəsidir. Yalnız birinə:
milyonlarla
insanın növbəti 20-30 ildə sabit gəliri olacaq.
Artmamsa da sabit
olsun. Bu olmadan heç kəs üçün 20-25 illik ipoteka psixoloji
və maliyyə baxımından işləmir. Sağ düşüncəli heç kim əgər o 30 ildə harada işləyəcəyindən əmin deyilsə, özünü onilliklərlə ödənişə
bağlamaz.
Klassik nağıl: Texnologiya işi dağıdır, yenisini
yaradır
Köhnə nağıl
belədir: yeni maşınlar bəzi işləri məhv
edir, amma başqalarını yaradır. Toxucu operator oldu. Operator ustaya çevrildi.
Usta mühəndis oldu. Uzun müddətdə iqtisadiyyat yenidən
qurulur, yeni peşələr yaranır, ortalama həyat səviyyəsi
artır. Bu sxem 200 il işlədi. McKinsey, Goldman, BCG bütün hesabatları buna əsaslandırır:
"Süni intellekt də bəzi şeyləri aparar, yenilərini yaradar, tarazlıq saxlanılar."
Problem odur ki,
bu arqument artıq etibarlı olmayan bir fərziyyəyə əsaslanır.
Əvvəlki texnologiyalar həmişə
üstündə insan əməyini qoruyurdu. Yəni ilk üç sənaye inqilabı sadəcə insandan daha güclü texnologiyalar
yaradırdı. Dəzgahın
üstündə operator. Operatorun üstündə usta. Ustanın üstündə mühəndis.
Dəzgah özünü tənzimləyə bilmirdi. Müştəri ilə danışa bilmirdi. Ona görə insanlara həmişə yer
vardı.
Süni intellekt
prinsipial olaraq fərqlidir. O, yalnız insandan güclü deyil, həm də ondan ağıllıdır. Kod yazır, proqramçının bir
hissəsini götürür. Məlumat analiz edir, analitikin bir hissəsini götürür. Müştəri ilə
danışır, sənəd hazırlayır, məktub yazır, prosesləri koordinasiya edir, ofis
orta bürokrasiyanın işini götürür. Və ən vacibi isə daim öyrənir. Hər ay bir ay əvvəlkindən daha çox bacarır.
Rəqəmlər artıq var və narahat edicidir.
Anthropic-in baş
direktoru Dario Amodei açıq şəkildə deyir
ki, 1-5 il ərzində süni intellekt “ağ yaxa” (beyinlə işləyən ofis işçilərinin) sektorundakı başlanğıc vəzifələrin
yarısını aradan qaldıra bilər, işsizliyi 10-20%-ə çatdıra bilər.
Forrester analitik
şirkəti bildirir ki, 2030-cu ilə qədər ABŞ-da bütün iş yerlərinin
6,1%-i tamamilə məhv ediləcək, daha 20%-i isə kökündən dəyişəcək. Goldman Sachs dünya üzrə 300 milyon tam iş
ekvivalentinin süni intellektlə birbaşa təmasda
olduğunu qiymətləndirir. Anthropic-in öz tədqiqatları göstərir
ki, ən yüksək maaşlı “ağ yaxa” peşələri (proqramçılar, marketinq
analitikləri, maliyyə mütəxəssisləri, hüquqşünaslar ) yeni nəsil modellərindən maksimum zərbə alacaq peşələrdir.
Bu gün ofis belə qurulub: bir rəhbər + on işçi.
2-3 ildən sonra: bir rəhbər + onların yerini tutan bir
süni intellekt.
4-5 ildən sonra: bir rəhbər + on süni intellekt,
milyonlarla agenti koordinasiya edir.
Əgər "zehni" işin əhəmiyyətli
hissəsi süni zəka tərəfindən avtomatlaşdırılırsa,
orta sinif üçün sabit 20-30 illik karyeralar norma deyil, istisna olur. Sabit
karyera olmadan kütləvi ipoteka işləmir.
İpoteka bazarının
altındakı əsas mina budur. Mərkəzi bank uçot dərəcələri deyil.
Geosiyasət deyil. Miqrasiya deyil. Kütləvi ev sahibliyinin uzun müddətli
kredit vasitəsilə mümkün olması ideyası məhv olur.
Siz burada haqlı
narazılıq edə bilərsiniz ki, Azərbaycanda ən böyük işəgötürən dövlətdir. Əvvəlki paraqraflarda qeyd etmişəm ki, əhalinin 70% dövlətdən asılıdır. Bəli, bu post-sovet dövrünün qalıqlarıdı
və bunu etməyimizi mümkün edən yeganə amil neft-qaz gəlirləri idi. Hazırda bütün proqnozlar 2023-ci ilə qədərdir. O zamana qədər yeni bir neft bumu yaşanmasa, dövlət artıq bu yükü daşıya bilməyəcək. Və biz artıq2026-cı ildə Maliyyə Nazirliyinin etdiklərindən bunu görürü ki, hökumət bu perioda hazırlaşır. Növbəti 3 ildə büdcədən maliyyələşən təşkilatlarda ixtisarlar görəcəyik, həmçinin dövlət şirkətlərində də eynisini müşahidə edəcəyik.
Allahın rəhminə (yeni neftin tapılmasına) gələcəyi bağlamaq yaxşıdır, bunsuz alınmır,
amma digər ssenarilərə də hazır olmaq vacibdir.
V. ÜÇÜNCÜ KƏSİLMƏKDƏ
OLAN AYAQ – DEMOARAFİYA
Daşınmaq əmlak
qiymətlərinin daim olaraq artmasını əsaslandıran amillərdən biri də əhalinin daim
artması olub. Yer kürəsində yaşanılacaq torpaq sayı limitlidir, yəni təklifin maksimum verə biləcəyi bir say var. Lakin
tələb daim artır (yəni insanlar daim çoxalıq). İqtisadi qanunlara əsasəm qiymət daim artmalıdır. Amma
bu delə deyil artıq. Nə dünyada, nə də Azərbaycandan.
Hər hansı bir ölkədə əhalinin artması üçün “fertility rate”
(bir qadının ömrü boyu orta hesabla neçə uşaq dünyaya gətirəcəyini göstərən statistik göstərici) 2.1-dən yuxarı olmalıdır.
Yəni hər 10 qadına 21 uşaqdan daha çox uşaq olmalıdır. İnkişaf etmiş ölkələrin demək olar ki,
hamısında bu göstərici 1.5 ətrafındadır. Bu o deməkdir ki, 5 nəsildən sonra həmin millətdən 25% qalacaq, 10 nəsildən sonra isə kökü kəsiləcək.
2024-cü ilin göstəricilərinə əsasən Azərbaycanda
fertillik nisbəti 1.59-1.98 arasında dəyişir (Dünya Bankı ilə bizim
Statistika Komitəsi müxtəlif cür hesablayır). Hər nədirsə, Azərbaycanda
da əhali sayı azalmağa başlayıb. Baş Nazir belə bu yaxınlarda bu səbəbdən 50
min müəllimin ixtisar olunmasını dilə gətirib (uşaq sayı azaldığından
bu qədər müəllimə ehtiyac yoxdur).
Alıcılıq qabiliyyətinin
azalması ilə paralelində əhali sayının azalması daşınmaz əmlak bazarı üçün çox da yaxşı xəbər
deyil.
Orutacağın bir
ayağı artıq kəsilib, digər iki ayaq kəsilməkdədir.
VI. FƏLAKƏTƏ ALTI ADDIM
İndi bunların
hamısı necə bir-birinə təsir edəcək?
Mən 2025-ci ilin sonunda daşınmaz əmlak bazarında geriləmənin başladığını demişdim. 2026-cı
aprelində (4 ay sonra) mənə narazılıqlar gəlməyə başladı ki, niyə qiymətlər düşmədi.
Bur normaldır ki, adi insanlar mexanizlmləri anlamır və hövsələsizdir. Düşünür ki, 30 ildə qurulan sistem bir anda çökür və hər şey dəyişir. Bu belə olmur. Bir
zərbə ilə deyil, bir ayda deyil. Tədricən,
addım-addım baş verir.
Bu dəyişikliklər yaşaş olduğuna görə də, insanların çoxu reaksiya verə bilməyəcək, aldanılacaq. Enmə yavaş olduqda, əvvəlcə enmə kimi görünmür. Bu məqalədə mən bütün prosesi incələyəcəyəm.
Birinci addım: Yeni nəsillər “oyuna” daxil olmur
Gənclər
görür ki, mənzil əlçatmazdır, icarə boğur, sabit işi heç kim vəd etmir, süni intellekt hər il
güclənir. Bu reallıqda 30 illik ipoteka "evə
etibarlı yol" deyil ağıllı insanın verməyəcəyi bir
qərardır. Artıq da etmirlər. ABŞ-da gənc ilk
alıcıların payı tarixən aşağıdır. Bu, sistemə yeni
alıcıların axınını tədricən azaldır.
İkinci addım: Qiymətlər artmağı dayanır, sonra çökür
"İstənilən qiymətə mənzil alım, gec qalmayım" məntiqi ilə yeni
alıcılar və investorların axını olmadan qiymət şişirtmək dayanır. (Bakıda 300 min manatdan bahalı mənzillər demək olar ki, alınmır). Həddindən artıq şişmiş bazarlarda tədricən
azalma başlayır. Əvvəlcə görünməz olur... burada endirim, orada endirim, burada
kampnaiya, orada kampaniya, 3o il faizik kredit, sıfır faiz əvvəlcədən ödəniş və s. Ev
elanları həftələrlə deyil, aylarla bazarda durur.
Sonra da artıq xəbər başlıqları “TƏCİLİ: evlərin qiyməti çökdü”.
Üçüncü addım: İnvestisiya portfeli dağılmağa
başlayır
2-5 mənzili
olan insanlar görür ki, qiymətlər artmır, icarə aşağı düşür, gəlirlilik düşür. Əmlak vergisi və kommunal
ödənişlər artır. Bəzi investorlar qazancı sabitləmək üçün mənizlləri satmağa başlayır. Onlar satır, təklifi
artırır və qiymətlərə əlavə təzyiq baş verir.
Dördüncü addım: Zəncirvari reaksiyası başlayır
"Zirvədə
aldım." "Daha altı ay gözləsəm ucuzlaşar."
"Ucuzlaşan aktiv üçün niyə ipoteka ödəyim?"
— klassik bazar psixologiyası işə düşür. Böyük “leverage” (borc
pulla alınan daşınmaz əmlak) ilə bir neçə əmlakı
olan sahiblər əmlaklarını
satmağa başlayır. Bu panika deyil. Bu hər ayrı sahibin rasional
davranışıdır. Amma bir yerdə yığılanda panika yaradır.
Beşinci addım: Banklar və tənzimləyicilər xilas etmir
Oxucu sual verə bilər:
- Bəs niyə 2008-ci ili təkrar etmirlər? Faizləri endirirlər, bazarı ucuz kreditlə doldururlar, bankları xilas
edirlər, iki ildən sonra bazar böyüyür.
Bir neçə səbəbə görə
etmirlər.
1. Ev təsərrüfatlarının
borcları artıq 2008-ci ildəki kimi deyil. Yeni kredit yükü üçün yer daha azdır.
2. Tənzimləmə daha
sərtdir. Əvvəlki böhrandan sonra tələblər gücləndi.
3. Siyasi etimad "vergi ödəyicisinin
hesabına bankları xilas etməyə" aşağıdır.
4. Dövlətlərin borcu onsuz da yüksəkdir, həm də inflyasiya riskləri qalmaqdadır. Bu siyasət “stagflation”-a (qiymətlər
artır, amma iqtisadiyyat böyümür və işsizlik yüksəlir) gətirib çıxara bilər.
Altıncı addım: Sıçrayış olmayacaq
2008-ci ildən
sonra bazar nəticədə böyüdü. "Gözləyib dözdük, beş ildən
sonra hər şey qayıtdı." Problem odur ki, 2010-cu illərin
sıçrayışı artıq mövcud olmayan üç dayağa əsaslanırdı.
1. Demografiya. 2010-cu illərdə
ABŞ-da minillik nəsil aktiv yaşa girirdi. Bu, daim yeni ev sahiblərinin
axını yaradırdı. İndi bir çox inkişaf etmiş ölkədə demoqrafik artım zəif və ya mənfidir,
doğum azalır, yeni ev təsərrüfatlarının sayı düşür.
2. Orta sinfin gəliri.
2010-cu illərdə əmək haqqı ilə mənzil qiyməti arasında hələ rasionallıq var idi. Qiymət artımını
əsaslandırmaq olardı. İndi bu yoxdur. Orta sinif
artıq gəlirinin yarısını icarə/ipoteka üçün
verir.
3. İş sabitliyi. 2010-cu illərdə süni
intellekt hər ofis kürsüsünün üstündə dayanmırdı. Beş ildən
sonra maaşının ən azı belə olacağına inanmaq mümkün idi. İndi bu inam getdikcə duaya
bənzəyir.
Əvvəlki sıçrayışı təmin edən dayaqlar sökülüb.
Bu tsiklik eniş
deyil. Bu başqa rejimə keçiddir.
VII. SƏNƏ SUAL
Məqaləm apokaliptik
kimi səslənsə, inanmayıb yan keçmək olar.
Həqiqətən
unikal əmlak dar bir investisiya cəlbediciliyini qoruyacaq. Böyük
dünya mərkəzlərindəki əsas lokasiyalar və s. Həqiqətən məhdud təklifi
olan obyektlər: tarixi şəhər hissəsindəki tarixi bina, bir daha yaradıla bilməyəcək torpaq sahəsi.
Bakıda bu İçərişəhər, həqiqətən görünüşlü məhəllələr, tarixi fondun nümunələri. Bu, nadir incəsənət nümunəsi sahibliyi kimi olacaq, milyonlarla insanın pensiya planı yox. Kapitalı
olan və onu yerləşdirə bilən azlığın imtiyazı. Bunları mən investisiya kursumda keçirəm.
Amma əsas mənzil kütləsi yox. Standart ikiotaqlı, üçotaqlı, adi yeni tiklidəki adi
mənzil, adi rayondakı tipik evlər yığım
aləti olmaqdan çıxacaq. Həqiqi gəlirlər və həqiqi
demoqrafiya əsasında qiymətləndiriləcək.
Sənə ən vacib sual
Əgər gələcək üçün ipoteka ilə
alınmış 2-5 mənzilinin varsa. Əgər indi daha birini götürməyi
düşünürsənsə (çünki "pullar hesabda itirir, əmlak isə həmişə
bahalaşır") oturub özünə bir sual ver. Rieltora yox. Bank menecerinə yox.
Özünə.
5-7 ildən sonra əmlakım əhəmiyyətli dərəcədə ucuz olarsa, süni intellekt mənim və ya başqasının gəlirini azaldırsa, bazar
sıçrayış etmirsə — indi bununla
nə etməyə hazıram?
Bugün sahib
olduğumuz bütün məlumatlar (qiymət tarixi maksimumda olması), demoqrafik durum (əhalinin azalması), əmək bazarı (dövlətə bağlılıq),
süni intellektin tətbiqi (daim ixtisarlar), daşınmaz əmlak sənayesinin hamısı eyni istiqamətə işarə edir.
Bu marjinal Fərhad Pərvizi ssenari
deyil, daha çox baza ssenaridir.
Bu ssenarini sevməyə bilərsən.
Bununla mübahisə də edə bilərsən. Amma
yeddi ildən sonra oyanıb görsən ki,
pensiya üçün saxladığın üç mənzil əhəmiyyətli dərəcədə ucuzlaşıb, icarəçilər gedib (çünki onların yarısı indi şəhərdən kənarda işsizdir) və mənzil
qiymətləri qat-qat ucuz yerlərdə uzaqdan işləyirlər. Amma ipoteka kreditini hələ də verməlisən. Nə edərsən?
SON
Mənim fikrim odur ki, insanın evi olmalıdır. Çünki ev
böyük emosional rahatlıq gətirir. Amma evə kapital investisiya kimi baxmağın dövri artıq
bitdi. Ev yalnız emosional investisiya olaraq qalacaq. Alternativ investisiya
imkanlarını araşdırmaq lazımdır.
Bu gün son 30 ilin qaydalarına
əsaslanaraq növbəti addımını hesablayan adam öz gələcəyi altına mina qoyur.
Qaydalar dəyişir.
Hələ ki, sakitcə.