Cənab prezident ölkə ictimaiyyətini yeni milli ideya barədə müzakirələrə çağırıb. Məqaləmdə bu çağırışla bağlı fikirlərimi bölüşürəm.
3 il öncə, ABŞ-nin iqtisadi “Think Tank”-larından olan “Foundation for Economic Education” qısa bir məqalə dərc etmişdi. Məqalənin adı “Heç eşitmədiyiniz ən firəvan qədim bir xalq” idi. Əlbəttə, amerikanlılar (və bəlkə də Qərb dünyasının əksəriyyəti) Xəzər xaqanlığı barədə eşitməyiblər və məqaləni oxuduqca VII - IX əsrlərdə mövcud olan və bu coğrafiyada inanılmaz multi-kulturalizm, tolerantlıq, azad ticarət, ədalətli məhkəmə və bunların sayəsində uğurlu bir ölkə barədə eşidib məəttəl qalmalarının səbəbini çox normal qarşıladım. Bu dövrdə hətta Qərbdə belə institutlar olmamışdır.
Lakin mən bu məqaləni oxuduqca, bizim iqtisadi tariximizi öyrəndikcə yaşadığımız coğrafiyada mükəmməl potensiala malik insanların və adət-ənənələrin olması uzun müddət düşündüyüm, lakin əsasını tapa bilmədiyim fərziyyəmi təsdiqlədi – Azərbaycanda hər kim istəsəniz ola bilərsiniz, Azərbaycanlılar hər kim istəsə olar bilərlər.
70 il şura hakimiyyəti dövründə və ondan sonra 30 ilə yaxın Qarabağı müvəqqəti də olsa uduzan bir millət kimi bir əsrə yaxın məğlub təfəkkürü tərzində yaşamışıq. Bir neçə nəsil belə düşüncə tərzində böyüyüb. Bütün bu neqativ izlər 2020-ci ilin 8 noyabrında, Şuşanın azad edilməsi ilə silinməyə başladı və 2023-cü ilin sentyabr ayında pik həddinə çatdı. Artıq Qarabağ tam azaddır. Bizi 30 il ərzində birləşdirən məqsəd tamamlandı və niyyətimiz var oldu. Bu qələbə bizə bir daha sübut etdi ki, Azərbaycan bacarar, Azərbaycanlılar bacarar.
İndi bu qələbənin gətirdiyi nəticələri multiplikasiya edib Azərbaycanı yeni səviyyəyə çıxarmaq ən vacib məqsədlərdəndir. Bunu prezident öz çıxışlarında dəfələrlə deyib. Qarabağı bərpa etmək, ordumuzu daha da gücləndirmək, ərazilərimizi inkişaf etdirmək və ən vacibi - Azərbaycanlıları xoşbəxt etmək üçün güclü iqtisadiyyata malik olmalıyıq.
Burada çoxlu mülahizələr ola bilər ki, hansı hallarda iqtisadiyyat ilkin şərt deyil. Lakin bütün güclü, dayanıqlı, xoşbəxt ölkələrə baxsaq hamısının güclü iqtisadiyyatı var. İkinci məqaləmdə bu fikri daha da geniş təsvir edəcəyəm. Hazırkı məqalədə məhz “Azərbaycanda ola bilərsən” ideyasına fokuslanmaq istərdim.
XIX əsrə qədər iqtisadiyyat ərazi, torpaq və sərvətlərin böyüdülməsi ilə artım göstərirdisə, XX əsrdə daha çox sənayeləşmə, maşınqayırma, avtomatlaşma hesabına artıma nail olunurdu. XXI əsrin iqtisadiyyatı isə birbaşa insanlara və insanların ideyalarına bağlıdır. Xüsusi olaraq xoşbəxt insanların ideyalarına. Çünki xoşbəxt insanlar: hansılar ki, suyu, qazı, işığı, gündəlik masaya qoyacaq minimal yeməyi düşünmür, cəmiyyətə dəyər qataraq yeni məhsulların yaradılmasını düşünürlər. Məhz xoşbəxt insanların innovativ ideyaları XXI əsrin iqtisadi artımını təmin edir.
“Azərbaycanda ola bilərsən!” ideyasının iki məqamı var.
Birinci məqam: Ətraf mühit
İlk baxışda “Azərbaycanda ola bilərsən!” cümləsi Azərbaycanda fiziki mövcudluqdan xəbər verir. Yəni vətəndaş kimi rahat və keyfiyyətli həyat sürə, turist kimi rahat səyahət edə və iş adamı kimi çiçəklənə bilərsən. Bunun üçün açıq səma, asan viza, asan iş icazəsi, minimal xərclərlə gəliş-gediş, inkişaf etmiş infrastruktur, yaxşı ekologiya, effektiv fiskal və monetar siyasət və s. lazımdır. İnsanlar rahat olan yerlərə üz tuturlar. Bu aydındır. Xüsusilə istedadlı insanlar. Karl Popper deyirdi ki, insan həyatının məqsədi problemləri həll etməkdən ibarətdir. Səhər oyanandan yuxuya gedənə qədər problem həll edirik. Bir çox insanlar hətta yuxuda belə problemləri yaşayır.
Bir çox hallarda problemlərin həll edilməsi fərdin üzərində olsa da, bir çox digər problemlər onların birbaşa təsir edə bilmə xaricindədir, misal üçün yaxşı ekoloji şəraitdə yaşamaq, yaxşı yollarla getmək, gözəl parklarda gəzmək. Bunu insan özü həll edə bilmir. Bunun üçün keyfiyyətli dövlət xidmətləri, ədalətli məhkəmə, güclük infrastruktur, inşaların fikirlərini çatdıra biləcək və onları eşitməyi təmin edən kommunikasiya kannaları qurulmalıdır. İnsan həyatına kənar neqativ təsirlər azalmalıdır – güclü ordu, ədalətli məhkəmə və hüquq-mühafizə sistemi mövcud olmalıdır. Azərbaycanda istədiyin kimi olmaq üçün fərdi cavabdehlikdən kənarda olan problemlər həll edilməlidir.
İkinci məqam: Fərdi inkişaf
Azərbaycanda fərd olaraq xoşbəxt ola bilərsən. Azərbaycanda müəllim ola bilərsən. Azərbaycanda tacir ola bilərsən, Azərbaycanda istədiyin kimsə ola bilərsən.
Hər bir şəxs Azərbaycanda istədiyi iş sahibi ola bilər. Həm fiziki olaraq, həm də fərd kimi inkişaf edib maksimum potensialına çata və bu potensialında yaşaya bilər. Mən bu iki məqamı xüsusilə ayırıram və hər birinin üstündə dayanmaq istərdim.
İlk olaraq Azərbaycanda yaşayan hər bir fərd potensialına çata bilməlidir. ABŞ İstiqlal Bəyannaməsində insanın 3 haqqı tanınır – yaşamaq, azad olmaq və xoşbəxtliyini axtarmaq haqqı. Burada xoşbəxt olmaq haqqı yox məhz xoşbəxtliyi axtarmaq haqqı göstərilib (pursuit of happiness). Dövlət insanın xoşbəxtliyini və ya maksimum potensialına çatmağı vəd edə bilməz, lakin bunları araşdırıb, axtarmaq və çatmaq üçün şəraitin olmasını təmin edə bilər. Bunu biz əvvəlki bənddə qeyd etdiyimiz kənar faktorların neqativ təsirindən fərqləndirməliyik. Bir xeyli maliyyə vəsaiti ayıraraq, dövlət orqanlarının qoyduqları məqsədləri dəyişərək, infrastruktur layihələrini icra edərək kənardan çox gözəl görünən cəmiyyət qurmaq olar. Biz bunu bir sıra Yaxşın Şərq ölkələri nümunəsində gördük. Lakin həmin bu ölkələrin innovasiya, elm, tədqiqat və uzun-müddətli və dayanıqlı inkişafı hələ də bəlli deyil. Ətraf vacibdir, lakin həll edici deyil. “Evinizdə oturun, işləməyin, sizin yerinizə xaricilər hər şeyi edər, siz sadəcə pul sayın” dayanıqlı strategiya deyil. Xaricilər hər zaman gedə bilər, bəxt həmişə üz döndərə bilər, sonda qalan yalnız insanların dəyər yaratmaq qabiliyyətidir. Və təklif etdiyim proqram buna yönəlməlidir – fərdlər maksimal dəyər yarada bilmələri üçün, öz maksimal potensiallarına çata bilməlidirlər. Azərbaycanda.
İkincisi, fərd maksimum potensialına çatdıqdan sonra öz potensialını ölkədə tam reallaşdırmaq imkanları olmalıdır. Yəni maksimuma çataraq Azərbaycanda qalıb işləmək istəsin, pul qazanmaq imkanı olsun, böyümək imkanı olsun. Buna görə də onun üçün böyümə imkanları əlçatan olmalıdır ki, özünü Azərbaycanda “boğulmuş” hiss etməsin.
Azərbaycan bazarı balacadır. Dünya iqtisadiyyatına inteqrasiyası hesabına, vergi və digər möhlətlər hesabına - baş ofisləri, əməliyyat ofislərinin Azərbaycanda saxlamağa vadar etməliyik. İstedadlı sahibkarlar, alimlər, novatorlarda məhz Azərbaycanda ailə qurmağa (və ya tək belə qalmağa), hərtərəfli həyat yaşamağa maraq oyatmalıyıq.
Hazırkı reallıqları nəzərə alaraq bu uzun və çox çətin bir yoldur. Lakin son 30 ildə mən və bütün Azərbaycan xalqı öyrəndik ki, uzun zaman hazırlaşaraq Azərbaycanda möhtəşəm işlər görülə bilər.
Növbəti məqaləmdə isə bu missiyaya çatmaq üçün hansı dəyərlər üzərində fokuslanmaq lazımdır və həmin dəyərlərin gətirəcəyi ölçüləbilən nəticələrin nə olacağı barədə ətraflı yazacağam. Dəyərlər olmadıqda missiyaya çatmaq olmur. Çünki dəyərlər idayanı reallaşdırmaq üçün bir davranış qaydaları formalaşdırır Davranışlar olmadıqda, onları dəyərə bağlamaq olmayanda, ideya sadəcə kağızda qalır. Xüsusən müasir zamanda, postmodernist dövrdə, nə vaxt ki, dəyərlər itir və silinir bu daha vacibdir. İnsanlar nəyəsə istinad edə bilmədikləri zaman yeni, sınaqdan keçməmiş, tez-tez dəyişən, zərif dəyərlərə və ideyalara meyl edirlər. Bu isə bizim üçün çox təhlükəlidir. Məhz indi yeni ideya və dəyərlər formalaşdırmaq vacibdir. Məhz indi bunun zamandır.
Azərbaycanda ola bilərsən!
Nə etməliyik?
Dövlət perspektivindən buna nail olmaq üçün qoyulan məqsədlərə münasibəti dəyişmək lazımdır. Siyasi quruluşu saxlayaraq dövlət orqanları qarşısında məqsədlər dəyişməli, onların düşüncə tərzi artıma, xalqa qulluğa fokuslanmalıdır.
Müasir zamanda belə məqsəd-qoyuluşunun bir çox uğurlu nümunələri var: milli dəyərlərini, stabil siyasi quruluşu saxlayaraq inklüziv cəmiyyətin yaradılmasını, istedadların cəlb edilməsi, turistik inkişaf perspektivlərinin maksimuma çatdırılması, azad ticarət, azad bazar prinsipləri üzərində qurulmuş sosial-siyasi-iqtisadi sistem. Azərbaycanın coğrafi mövqeyi və siyasi quruluşu bu perspektivdən daha geniş imkanlar yaradır.
Lakin hər şeyin çarəsi dövlətdə də deyil. Özəl sektorun bu yolda verəcəyi töhfələr böyükdür. Ən çox insan məhz özəl sektorda çalışır və burdakı dəyişikliklər hökumətin addımları ilə sinerji yarada bilər.
İlk öncə özəl şirkətlər öz təşkilati mədəniyyətlərini etibar üzərində qurmalıdır. Qurban, məğlub, heç kimə etibar etməyən biznesmen kimi yox, zəfər qazanmış, qalib xalqın nümayəndələrini işlə təmin edən, dəyər-yönümlü mədəniyyət qurmalıdır.
Heç kimə sirr deyil ki, Azərbaycan şirkətlərində mədəniyyət quruculuğu hazırda ya yoxdur, ya da çox bəsitdir. Son illərdə yalnız bir neçə iri şirkət öz dəyərlərini formalaşdırıb və onları proseslərinə inteqrasiya etməyə başlayıb.
Lakin formalaşdırılmış bu dəyərlər belə ümumi, “yaxşı səslənən” sözlərə söykənib. Əksər dəyərlər şirkətdə real davranışları əks etdirmir. Növbəti məqaləmdə dəyərlərlə bağlı məsələyə daha dərindən toxunacağam və ümid edirəm ki, orda səsləndirilən dəyərlər yalnız dövlət səviyyəsində deyil, həm də şirkət səviyyəsində qəbul olunması dəyərləndirilərək və təşkilat-daxili proseslərə inteqrasiya edilməsi yüksək nəticələrə gətirəcəkdir.
Yaxşı vizyon/ideya cəmiyyətin və təşkilatların qurulmasında bünövrə rolunu oynayırsa, dəyərlər bu binaların hörgü daşlarıdır. Bünövrə güclü olsa, lakin divarlar keyfiyyətsiz materiallardan qurulsa növbəti tufandan sonra bina dağılacaqdır.
“Azərbaycanda ola bilərsən!” güclü bir bünövrə ola bilərsə, strukturu tamamlamaq üçün dəyərləri hörgü daşları kimi istifadə edə bilərik. Güclü mexaniki struktur hazır olduqdan sonra davranışlarla biz binamızın fasadını üzləyəcək, insan kapitalını inkişaf etdirərək Azərbaycanımızın daxilini yüksək potensiallı və bacarıqlı insanlarla bəzəyəcəyik.
No comments:
Post a Comment