Monday, 27 May 2019

Satınalmalarda mərkəzləşmə və de-mərkəzləşmə

Ötən həftə günəşli və gözəl Daşkənd şəhərində səfərdə oldum. Məqsədim həm biznes inkişaf perspektivlərini anlamaq, həm də iri neft-qaz podratçı şirkətinə satınalmaların səmərəliliyinin yüksəldilməsi sahəsində məsləhətçilik xidmətləri göstərmək idi. Daşkənd çox təəcübləndirdi. Ölkə özlüyündə çox tez ikişaf edir, işiqlı strateji düşüncəyə malik insanlar həm özəl, həm də dövlət sektorunda iri layihələr həyata keçirir. Azərbaycanla fərqi anlamaq üçün, bircə onu demək yetər ki, onlar bizim xəstəxanaya şəfaxana deyirlər. Həm də gilas onlarda bizdən 2 qat ucuzdur (gilas həvəskarı olaraq ən çox buna paxıllıq edirdim). Zarafat bir yana, gedəcəkləri yol uzundur. Lakin onlar post-sovet ölkələrində qəbul edilmiş inkişaf surəti limitini artıq aşıblar.

Bu səfər barədə sizə məlumat verməyimin məqsədi lovğalanma deyil, sadəcə səfər zamanı satınalmalar sisteminin strukturunun hansı formada qurulması barədə aparılan uzun müzakirələrin davamı olaraq, ümumi bir məlumat verməkdir ki, siz də bundan faydalana biləsiniz. Təmənasız.

Onu da qeyd edim ki, Azərbaycan dilində de-mərkəzləşmə sözü mövcud deyil. Sadəcə olaraq mərkəzsizləşdirilmiş satınalma o qədər də rahat termin olmadığına və çaşqınlıq yaratdığına görə yeni icad edilmiş termindən istifadə edəcəyəm.

Nəzəriyyəyə qayıtsaq, satınalma sisteminin qurulmasının iki əsəs təşkilati strukturu var – mərkəzləşdirilmiş satınalma və de-mərkəzləşdirilmiş satınalma.

Mərkəzləşdirilmiş satınalma zamanı, bütün strateji, taktiki və prosessual satınalma əməliyyatları mərkəzləşdirilmiş satınalma orqanı tərəfindən həyata keçirilir. Şirkətin bir çox filialları, satınalma kategoriyaları ola bilir və onların hamısının idarə olunması mərkəzi aparat tərəfindən həyata keçirilir.

Bu sistemin əsas üstünlükləri – daha güclü nəzarətin və tələbin toplanması hesabına daha sərfəli təkliflərin alınmasıdır. Əlavə olaraq, struktur daha az işçi tələb edir və bu da öz növbəsində müəyyən xərclərin qənaətinə gətirib çıxarır. Mənfi xüsusiyyətləri növbəti sistemin üstünlükləridir.

De-mərkəziləşdirilmiş satınalmalarda, qərar qəbul edilməsi və prosessinq yerlərdəki xərc mərkəzlərindədir. Yəni siz baş ofisdə oturaraq, digər şəhərdəki zavod üçün tələb olunan malları və xidmətləri ala bilmirsiniz. Zavod özü, prosedurlardan keçərək, öz tələbatını ödəmək üçün satınalma əməliyyatlarını həyata keçirir. Bu zaman yuxarıda qeyd edilən üstünlüklər olmur – yəni nəzarət azalır və tələbin toplanması səmərəli həyata keçirilmir (osif ləvazimatları hamı ayrı-ayrılıqda alınır və daha yüksək endirimlərdən faydalana bilinmir). Digər təfərdən isə tələbin proqnozlaşdırılması və sifarişin həyata keçirilməsi daha səmərəli və tez baş verir. Bir var ki, zavodun direktoru, onun yanında əyləşən və ona tabe olan, satınalma mütəxəssisi ilə birbaşa çalışaraq istədiyi mal və xidməti alınmasını öz nəzarətində saxlayır. Bir də var ki, zavoddan uzaqda əyləşən, zavodun gündəlik həyatından bixəbər olan satınalmalar mütəxəssisi bu işi həyata keçirsin. Eyni zamanda, zavodun direktoru həmin satınalma mütəxəssisindən digər, tam da etik olmayan, tələblər irəli sürə bilər.

Bu sistemlərdən hansı daha səmərəlidir. Bu suala cava olaraq, tipik iqtisadçı kimi “It depends” yəni “asılıdır” kimi cavab vermək məcburiyyəti qarşısında qalacağam. Şirkət satınalmaları çox kiçikdirsə, sözsük ki, bu zaman mərkəzləşdirilmiş satınalma strukturu daha faydalı olacaqdır. Burada tələbat sorğularının növbə gözləməsi, çevikliyin az olması riskləri çox azdır. Lakin iri şirkətlər üçün də bunu birmənalı demək olamı?

Cavan vaxtlarımda mən daim mərkəzləşdirilmiş sistemə üstünlük verirdim. Özüm “control freak” olmağımla yanaşı, pul məsələlərində heç kimə etibar etməməyim və, ümumən Azərbaycanda , satınalmalarda qeyri-etikliyin baş verməsi riskinin yüksək olması səbəbindən daha çox nəzarətin olmasını düzgün sayırdım.

Lakin iqtisadiyyatla məşğul olmağa başlayandan sonra, mərkəzləşdirilmiş qərarvermə sistemlərindən gələn riskləri daha dərindən anlamağa başladım. Sistem dayanıqlılığa baxımından, de-mərkəzləzləşmiş qərar vermə sistemi, orta və uzun müddətli perspektivdə, riskləri azaldaraq, daha yaxşı nəticələr verir.

Dünyayın ən uğurlu ölkəsi olan İsveçrəni nümunə gətirmək olar. Orada de-mərkəzləşmə (qərar qəbul edilməsi kantonlara və bələdiyyələrə həvalə edilib) hesabına dünyanın ən dayanıqlı iqtisadi və siyasi sistemi yaranıb. Vətəndaşların ölkənin idarəedilməsində birbaşa rolu ən yüksəkdir. İsveçlilər referendumlarda biz toyalra getdiyimiz qədər iştirak edirlər (mən azından mən toylara getdiyim qədər). Online olaraq 100 min səs yığ və istənilən qanunu referenduma çıxar. Məmurların səmərəsiz qanunların qəbul edə bilməməsi, onların daim olaraq nəzarətdə saxlanılması ölkəni bu qədər dayanıqlı edibdir.

Əlavə olaraq, siz tarix boyu baş verən ən sarsıdıcı iqtisadi böhranların məhz mərkəzi idarətmə səhvləri nəticəsində baş verdiyinin şahidi olacaqsınız. SSRİ zamanı mərkəzi planlaşdırma insanları acınacaqlı vəziyyətə qoyması ilə yanaşı, sosialist sisteminin çökməsinə gətirdi (indiki Venesuelaya baxın). ABŞ-da və digər kapitalist ölkələrdə Mərkəzi Bankların (pul siyasətinin mərkəzləşdirilmiş idarə edilməsi) səhvləri nəticəsində baş vermiş iqtisadi böhranları da nümunə gətirmək olar. Kiçik qrup şəxslərin bütün insların həyatına təsir edəcək qərarların qəbul edilməsi sistem dayanıqlılığına neqativ təsir edir.

Məhz yuxarıda qeyd etdiyim səbəblərdən, de-mərkəzləşmiş satınalma sisteminin uzun müddətli perspektivdə daha dayanıqlı olması göz önünə keçir. Bir zavodda baş vermiş səhv ucbatından yubanan materiallara görə neqativ təsir yalnız bu zavoda olacaqdır. Lakin mərkəzdən, 10 zavod üçün sifariş olunan materiallarda, yubanma baş verərsə bütün şirkət çökür.

Mərkəzləşdirilmiş sistemlərin üstünlüklərini saxlamaq üçün, hibrid sistemin təşkil edilməsi də mümkündür. Bu zaman, satınalmalar üzrə qərar qəbulu yerlərdə qalmaq şərti ilə, orada əyləşən satınalma mütəxəssislərini baş ofisə tabe edərək, yarana biləcək neqativ halların qarşısını nisbətən almaq olar. Bu zaman, mərkəzdə qərargah salan satınalma müdiri daha az nəzarətə sahib olacaq, lakin problemlər barədə daha tez xəbər tuta biləcəkdir. İdarəetmənin səmərəli təşkil edilməsində müstəsna rolu məlumat mübadiləsi oynayır. Satınalma müdirinin yerlərdəki qərarlardan nə qədər tez məlumatlı olarsa, bu onun müdaxiləsini daha da asanlaşdıracaq və konsensus hesabına düzgün qərarın qəbul eidlməsi ehtimalını yüksəldəcəkdir.

Onu da yadda saxlayın ki, ideal sistem yoxdur və inkişaf prosesi dinamikdir. Kitablardan nəzəri məlumat alaraq hər bir şirkəti uğura aparmaq olsayadı, müflisləşmiş şirkətlər olmazdı.

1 comment:

  1. Faydali fikirlerinize gore teshekkurler!

    ReplyDelete