Dünən
möhtərəm CIPS təşkilatının Linkedİn səhifəsində bir paylaşım gözümə dəydi.
Orada onlar süni intellektin təchizat zəncirində vacib rol oynaması barədə mülahizə
aparırdılar. Eyni zamanda, keçən il Harvard Business Review jurnalında çap olunan
“The death of Supply Chain Management” məqaləsi yadıma düşdü və bu barədə bir
fikir mübadiləsi açmaq istərdim. İlk baxışdan bu yazı KVN-dəki kimi “Azərbaycan
hücumçusunun Braziliya yığmasının dünya futbol çempionatında yol verdiyi səhvləri
şərh etməsi” məsələsinə bənzəsə də, burada səsləndirdiyim arqumentləri sizin fərdi
“common sense” və “bullshit detector” sensorlarından keçirərək qərar verməyinizi
xahiş edəcəyəm.
Bu mövzu
barədə, ən azından, magistr dissertasiyası yazmaq olar və hər bir aspekti əhatə
etmək belə alınmayacaq. Bu səbəbdən, məqaləni mümkün qədər qısa, hər paraqrafı
sual ilə bitirirəm ki, həm məndən başqa oxuyan olsun, həm də fikir mübadiləsinə
yol açsın. Fikirlərinizi bölüşsəniz minnətdar olaram.
Süni
intellekt - hayp və reallıqlar
İndiki
zamanda hara baxsaq, hamı süni intellektdən danışır. Machine learning, deep
machine learning və digər gözəl səslənən terminlərdən istifadə edərək,
Terminatorun gəlişini, maşınların üsyanını, az qala, sabah baş verəcəyindən bəxş
edir. Bu fatalistik mülahizələri indi qoyaq bir qırağa, çünki bütün bəşəriyyət
maşınlardan öləcəksə, bu zaman bizim ixtisasa da heç bir gərək qalmayacaq və bu
məqaləni robotlar uşaqlarına anekdot kimi danışacaqlar. Ancaq bunun perspektivi
yaxın yüzilliklərdə (minilliklərdə?) gözlənilmədiyindən, hörmətli Harvard
professorların bizim ixtisası vaxtından əvvəl dəfn etdiyinə rəsmi olaraq etiraz
edirəm.
İlk
növbədə, süni intellektin inkişafının hazırki mərhələsini tam anlamanız üçün,
sadə bir təcrübə aparın. Əgər sizin 3 yaşlı övladınız varsa və heç bir rəsm
bacarığınız yoxdursa, kağızda ona bir pişik şəkili çəkin və göstərin. Bu balaca
uşaq “əsərinizi” görəndən sonra, peşakar rəssam tərəfindən çəkilən, real həyatda
olan istənilən növ pişiyi digər heyvanlardan fərqləndirə biləcəkdir. Sadəcə bir
şəkillə. Süni intellekt isə, milyardlara şəkil analiz edərək eyni nəticəyə
yaxınlaşır və, bu az ikən, hərdən pişiyi dovşanla səhv salır.
İndi
möhtərəm Harvard alimləri və araşdırmaçıları bizə deyir ki, trilyonlarla
dollarla ölçülən TZİE prosesini intellekti 3 yaşlı uşaqdan zəif olan maşınlar
idarə edəcəklər?
Avtomatlaşdırma
Sənaye
inqilabına qədər dünyanın əksər sakinləri fermer idilər və yeganə problemimiz
bir birimizi yedizdirmək olmuşdur. O zaman balina hüquqlarının mühafizəçiləri,
lego artistləri, gülüş terapistləri, ev heyvanları detektivləri, Santaya məktub
yazma mütəxəssiləri, ilan südçüləri kimi
ixtisaslar olmamışdır. İndi biz 7 dəfə daha çox əhaliyə malikik, fermer təsərrüfatı
ilə olduqca az insan məşğul olur və heç kim də acından ölmür. İndiki uşaqlar vaxtını
fermalarında kartof kisələrini daşımaqla
deyil, kostyum-qalstukla, kofe içərək işəgötürənlərin hesabına facebook və
instagram səhmlərinin dəyərini arıtmaqla məşğul olur. Onlar üçün ən böyük çətinlik,
mətbəxdə pulsuz peçenilərin bitməsi, ən böyük sarsıntı isə Madaqaskarda iblisin
xilas edilməsi üçün yazılan posta istədikləri qədər “like” yığmamalarıdır.
Sənayə
inqilabı nəticəsində maşınları gəlişi bir çox sənayeləri və ixtisasları köklü şəkildə
dəyişsə də, prinsipial olaraq insanları yedizdirmək məcburiyyətindən azad etməyibdir.
Bu baxımdan, TZİE prosesində fiziki əməyin tarixə qovuşmasını, bir humanist
kimi, mən də arzulayıram. Ən azından, yükdaşıyanların, anbardarların, fəhlələrin
də instagram hesablarının olması və yemək şəkillərinin paylaşması hüquqları
vardır! Bütün bu sadə və fiziki işlərin robotlar tərəfindən görülməsini yalnız
alqışlayıram. Lakin bu işlərin avtomatlaşdırılmasını ümumilikdə TZİE-si sisteminin ölməsi deməkdirmi?
Dünyadakı
mürəkkəbliklər
Məqalədən
Harvard araşdırmaçıları tərəfindən TZİE ixtisasını banal “purchasing,
invoicing, accounts payable, and parts of customer service” robotlara həvalə
ediləməsinin başlağıc trendi kimi və gələcəkdə bütün digər sahələrə yayılacağını
əsaslandırmaları çox da ağlabaan görünmür. Elmentar olaraq accounts payable
(kreditor borcları) prosesinə nəzər yetirək. İdeal vəziyyətdə, invoys daxil
olur, təsdiqlənir və müqavilə şərtlərinə əsasən ödənilir. O şərtlə ki, hesabda
buna yetərincə vəsait var. Lakin kim tam əminliklə deyə bilər ki, hər zaman, hər
bir qurumun kreditor borclarını müqavilədə/invoysda olan müddətdə ödəmələri
üçün yetərincə vəsait olacaqdır? Elə zamanlar gələcək ki, siz ay ərzində ödəniləcək
1 milyon kreditor borcunuz olacaqdır, lakin cəmi 100 min xərclənəbiləcək vəsaitiniz
var. Bu zaman süni intellekt prioriteti nəyin əsasında verəcək? Tarix? Təchizatçı
vacibliyi (Tier 1)? Lakin TZİE üzrə mütəxəssis həmin andakı real vəziyyəti
araşdıraraq, gələcək pul axınlarının analiz edərək, təchizatçılarla şəxsi əlaqələri
və danışıqları işə salaraq, daha səmərəli ödəmə planı hazırlaya bilər. Və bu məntiqi
heç zaman, heç bir maşına öyrətmək alınmayacaq. Ən azından ona görə ki, bugünkü
vəziyyət sabahkı ilə heç vaxt eyni olmayacaq.
Yuxarıdakı
sadə və banal bir tapşırıqda artıq avtomatlaşdırma və süni intellekt işləmir.
İndi buraya daha kompleks təchizat problemlərini əlavə etsək – təchizat zəncirində
uşaq əməyindən istifadə, ətraf mühitin korlanması, defektli məhsulların
artması, devalvasiya, rüsum artımı, ticarət müharibələri, hərbi münaqişələr və
s. problemlərinin araşdırılması, həll yollarını tapılması, danışıqlarının
aparılması, tarix boyu baş vermiş məlum və gələcəkdə baş verə biləcək naməlum
mürəkkəblikləri biz maşınlara necə öyrədək?
TZİE
ixtisasının perspektivləri
Aydındır
ki, hörmətli CIPS təşkilatı yüz minlərlə insana öz standart treninqlərini keçərək,
məhsullarının satışının artması yolunda yeni məhsullar təklif etmək məcburriyətindədir.
Artıq “Tələbin proqnozşlaşdırılması” və “TZİE-nin əsasları” kimi treniqlər heç
kimi cəlb etmir. Hamı süni intellekt barədə danışanda, onlar da bu trendlərdən
geri qalmamalarını istəyirlər və, sözsüz ki, bu yeni məhsulu yüksək, ödənişlə, müştərilərə
daha asan sata biləcəklərini düşünürlər. Bütün yeni texnologiyalar yalnız məhsuldarlığın
artırılmasına gətirəcək, bu isə öz növbəsində TZİE sistemində rəqabəti
artıracaqdır. Bu rəqabətdə birinci olmaq üçün, təchizat mütəxəssisləri biznes
bacarıqlarının (business skills) inkişaf etdirilmələri vacibdir. Dünyadakı rəqabətlik
və mürəkkəblik artdıqca, şirkətlərin real üstünlükləri onların daha rəqabətçil
təchizat sistemində olacaqdır. Fiziki əmək tələb edən bir çox ixtisasların
robotlarla əvəzlənməsi təqdirə laiq bir hal olsa da, rəqabətli üstünlüyə malik
olmaq üçün daha strateji düşüncəli TZİE mütəxəssislərinə ehtiyac duyulacaqdır.
TZİE mütəxəssisləri indi olduğu kimi texnokrat deyil, biznesmen düşüncəli olmaları
vacib rol oynayacaq. Çünki yalnız bu bacarıqla, şirkətin ümumi strateji məqsədləri başa düşülərək, TZIE
strategiyasının hazırlanmasını və uyğulanmasına nail olmaq olar. Və məhz bu bacarıqlara
sahib olmaq üçün real insan zəkası lazımdır, süni deyil. Sizcə maşına bütün bu
biznes bacarıqlarını öyrətmək mümkündürmü?
No comments:
Post a Comment